İmanla əlaqəli məsələlər və firqələrin bu məsələlərdə ixtilafı 2
Hafiz ibn Hacər, rahiməhullah, belə demişdir: "İmanın lüğəti mənası təsdiq deməkdir. Onun şəriət mənası isə Peyğəmbərə (səllallahu aleyhi va səlləm) Rəbbi tərəfindən vəhy edilmiş şeylərin təsdiq edilməsi və doğru hesab olunmasıdır. İmanın bu tərifi hamı tərəfindən birər qəbul edilmiş bir tərifdir. Lakin bundan sonra aşağıdakı kimi fikir ayrılığı yaranmışdır: "Təsdiq qəlbin əməllərindən olduğuna görə, qəlbdəkini ifadə edən dillə bu təsdiqi açıqlamaq kimi artıq bir şey də şərtdirmi və yaxud əmr olunan şeyləri etmək qadağan olunan şeylərdən çəkinmək kimi imanın təsdiq etdiyi şeyə əməl etmək şərtdirmi?... (İbn Hacər sözünə davam edərək buyurur) sələf iman haqqında: "İman, qəlbilə etiqad, dil ilə söyləmək, bədən üzvləri ilə əməl etməkdir." demişdir." Bu tərif ilə nəzərdə tutulan mənada: "əməllər imanın tamlığı üçün şərtdir." demək istənilir. İmanın artıb azalması ifadəsi sələfin bu tərifi ilə meydana gəlmişdir.
Mürciə: "İman qəlblə etiqad və dillə söyləməkdir" demişdir.
Kərramiyyə: "İman dillə söyləməkdir" demişdir.
Mötəzilə: "İman- əməl, dillə söyləmək və qəlblə etiqaddır." demişdir.
Sələflər ilə mötəzililər arasında fərqdə, mötəzililər əməlləri imanın sağlamlığı üçün şərt saydığı halda, sələflər əməlləri imanın kamilliyi üçün şərt görürlər...
İkinci xüsusiyyətə nəzər saldıqda, sələflər imanın çoxalib-azaldığını söyləmişlər. Kəlamçıların əksəriyyəti bunu rədd edərək: "kim bunu qəbul etsə, imanına şübhə etmiş olar." deyirdilər.
Nəvəvi belə demişdir: "Araşdırmaların çoxalib dəlillərin üzə çixmasi ilə və ya bunun əksinin gerçəkləsməsi ilə insanın təsdiqi artar və yaxud da azalar. Məhz imanın artması təsdiqin artması, azalması isə imanın azalmasıdır. Bu ən aydın bir həqiqətdir. Elə bu səbəbdən Əbu Bəkrin imanı başqalarının imanından daha qüvvətli idi. Çünki o, heç bir şübhəyə düşməmişdi. Hər bir insan qəlbindəki əminliyin və təvəkkülün həmişə eyni dərəcədə olmadığını, bəzən daha çox olduğunu bilir. Elə buna görə də təsdiq və bilgi dəlillərin aydınlığı və çoxluguna uyğun olaraq artıb çoxalir.
Əl-Laləkay "Kitabi-Sünnə" adlı əsərində sənədini nəzərdə tutaraq İmam Buxaridən bunu nəql edir: "Gəzdiyim bölgələrdə mindən artıq alim adamlarla rastlaşdım. Onların arasında imanın söz və əməl olduğuna, onun artıb azalmasına müxalif (söz söyləyən) bir adam görmədim." (Fəthul-Bari, 1/46-47)
Hafiz İbn Hacər iman məsələsində mövcud olan ixtilaflara deyinmişdir, lakin bir qədər imanın müəyyən edilməsində tam doğru kəlimə söyləməmişdir. Çünki sələflər əməlləri tam olaraq imanın kamilliyi üçün şərt görmürlər. Sələflərə görə əməllər içində elə əməl var ki, onsuz iman yoxdur və elə əməllər də vardır ki, onunla iman kamilləsər və onsuz iman naqis olar. İmam İbn Hacərin belə bir xətaya yol verməsi, onun əqidədə əsari görüşlərə sahib olması ilə əlaqədardır və məhz əsarilər imanı təsdiq olaraq qəbul edərlər. Bu barədə İbn Teymiyyə bəzilərinin düşdüyü qarmaşiqlığa aydınlıq gətirərək izah edir: "Əgər kimsə aşkar məsələlərdən xəbərlər gətirərsə, məsələn, "Günəs çixib" söyləyərsə, ona "əmənnəhu" (inandıq) söyləmək (dildə) doğru ifadə deyil. Ona "sadaqnahu" (doğru söylədin) deyərək cavab veriləcək, çünki "əl-iman" kəliməsi "əl-əmn" kəliməsindən əmələ gəlir...." ("Kitab əl-İmən" s: 276, "əl-İmən əl-Əvsat" , Məcmuul-Fətava, 7/71)
Bir digər yerdə isə deyir: "Lüğətdə "əl-imən" kəliməsi "ət-təkzib" kəliməsinin antonimi deyil, amma "ət-təsdiq" kəliməsi (bunun antonimidir). Çünki məlumdur ki, hər xəbər gətirənə "sadəqtə" və ya "kəzəbtə" söylənilə bilər və eləcə də "sadəqnəhu" (o doğru söylədi) və ya "kəzəbnəhu" söylənilə bilər. Lakin hər xəbər gətirənə "əmənnə ləhu" və ya "kəzəbnəhu" söylənilməz və eləcə də, "Sən ona qarşi möminsən, və ya...ona qarşi yalançısan" söylənilməz. Məlum olan iman kəliməsinin əksi "əl-küfr" kəliməsidir. "O, mömindir, və ya ...O, kafirdir" söylənilir və küfr təkziblə məhdudlaşmaz. Və əgər kimsə söylərsə: "Mən bilirəm ki, sən doğru söyləyirsən, lakin mən sənə tabe olmayacam, əksinə sənə qarşi düşmənçilik edəcəm, nifrət edəcəm, müxalif olacam və güzəstə getməyəcəm", o zaman bu küfr daha böyükdür. Göründüyü kimi, imanın əksi olan küfr "təkzib" deyil, belə olduqda iman da təsdiq deyil." (Kitab əl-İmən, s: 277)
Eləcə də iman sözünün lüğəvi mənası üçün bax: "Lisanul-Arab", 3/21-27, "Qamus əl-Muhit", 4/197, "Muxtar əs-Sihah", s: 26, İbn əl-Əsir, "Ən-Nihayə", 1/69, əl-Cəvhəri, "əs-Sihəh", Muhamməd Abdullah Daraz, "əl-Muxtar min Kunuz əs-Sunnəh", s: 57.
Şeyx eləcə də söyləyir: "İblis, Firon və yəhudilərin küfrünün əsli onlarda təsdiq və elmin olmaması səbəbi ilə deyildi..." (Məcmuul-Fətava, 7/534)
İbnul-Qayyim, rahiməhullah, küfrü təkzib (yalanlama) olaraq görüb küfr olan əməllərə görə insanları təkfir etməyənlərin düşdüyü xətanı izah edərkən söyləyir: "Deyirlər ki, küfr tövhidin, risalətin, öldükdən sora dirilmənin və Rasulun gətirdiyi şeylərin inkarıdır. Muhəmmədin Allahın Rasulu olduğuna şəhadət edib Allahın qəbirlərdə olanları dirildəcəyinə iman edərək, vahdaniyyətini təsdiq edən kəsin necə küfrünə hökm oluna bilər? İman təsdiqdir, ziddi isə təkzibdir; əməli tərk etmək deyil. Təsdiq edən kəs üçün necə inkar edib yalanlayan kəs haqqında verilən hökm verilə bilər?!" (əs-Salət, s: 15)
İbn Teymiyyə yenə bir başqa yerdə bunları əlavə edir: "İmanın qəlbin təsdiqindən ibarət olduğunu qəbul edən kəs bunu söyləmişdir: Cəhənnəmlik heç bir kafirdə Allahı təsdiqdən əsər yoxdur; Nə İblisdə, nə də başqasında... Başqa yerlərdəki Quran nəssləri də kafirlərin dünyada ikən Rabbi təsdiq edən kəslər olduqlarına dəlalət edir. Hətta Allahı yalanladığını açıqca bəyan edən Firon belə qəlbində təsdiq edirdi: "Vicdanları yəqinliklə qəbul etdiyi halda zülm və kibr səbəbi ilə Onu inkar etdilər." Ya da Musanın Firona söylədiyi kimi: "Sən bunları məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən." (əl-İsra,102) Buna baxmayaraq Firon mömin sayılmamışdı. Hətta Musa belə dedi: "Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!” (Yunus,88) Başqa bir yerdə Allahu Təala kafirlərdən bəhs edərək onların Xaliqi etiraf etdiklərini bildirir. "And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər!" (əz-Zuxruf, 87)" (Məcmuə'l-Fətava, 7/150-152)
Bir başqa yerdə Mürciənin batil əqidəsindən danışarkən bildirir: "Bilinməlidir ki,(Allah və Rasuluna) təhqir edən şəxsin küfrü bu etdiyini eyni zamanda halal sayması səbəbi ilədir sözü münkər bir aldanma və böyük bir sapmadır." Sonra isə bunları əlavə edir: "Bu xətaya düşənlər sonrakı kəlamçıların görüşlərini mənimsəmək yoluyla düşüblər. Onlar isə imanın qəlbdə olan təsdiqdən ibarət olmasına dair ilk Cəhmiyyənin məzhəbini izləyənlərdir." (əs-Sarimu'l-Məslul, s:515)
İbn Teymiyyə Mürciənin məzhəbini belə izah edir: "Əbu Abdullah əs-Salihi belə deyir: İman sadəcə qəlbin təsdiqi və bilməsidir. Lakin bu təsdiqin bir sıra tələbləri var. Bu tələblərin yerinə yetirilməməsi qəlbdə təsdiqin olmadığını göstərir. Şəriətin küfr olduğunu bildirdiyi hər zahiri söz və əməl üçün də eyni haldır, çünki bu əməlləri etmək qəlbdə təsdiq və elmin olmadığını göstərir. Küfr (yalanlamadan ibarət olan) tək bir xislətdir. İman isə qəlbdə olan mücərrəd təsdiq və elmdir. Bu, Əbu Həsən əl-Əs'arinin iki rəyindən ən məshur olanıdır. Onun Qazi Əbu Bəkr, Əbi'l-Məali və digər yoldaşları da eyni görüşdədirlər, bu səbəblə alimlər onları Mürciədən saymışlar." (Məcmuə'l-Fətava, 7/509)
"Cəhm isə belə deyir: İman sadəcə qəlbin təsdiqindən ibarətdir. İnsan bunu dili ilə ifadə etməyə bilər. Bu Ümmətin alimlərinin heç birisindən eşidilməmiş bir sözdür. Beləki Əhməd, Vəki' və başqaları belə söyləyənləri təkfir ediblər. Ancaq əl-Əs'ari və yoldaşları bu görüşü dəstəkləməklə birlikdə, Şəriətin küfrünə hökm etdiyi kəsin biz də küfrünə hökm edirik və Şari'in təkfir etməyini insanın qəlbində marifətin (bilmək, tanımaq) olmadığına dəlil sayırıq. demişdirlər." (Məcmuə'l-Fətava, 13/47)
Bir başqa yerdə belə deyir: "Bəzi kəlamçıların və onları izləyən fuqahanın bu vəhmə qapılmalarına səbəb olan xətalı anlayışın təməlində onların imanı sadəcə Rasulun bildirdiklərini təsdiq olaraq görməkləri, təhqir etmə və pisləmənin Onun doğruluğuna inanmaya tərs düşməməsi görüşünü qəbul etməkləri durur...Sonra Ümmətin Allah və Rasuluna təhqir edən kəsi təkfir etdiyini gördükdə belə dedilər. Bu kəs kafir olur. Çünki onun söyməyi bu etdiyini haram olaraq qəbul etmədiyini göstərir. Bunun halallığına inanmaqsa Peyğəmbəri yalanlamaq deməkdir. İnsan təhqir ilə deyil, yalanlama səbəbi ilə kafir olur. Təhqir isə sadəcə yalanlamaya dair bir dəlildir." (əs-Sarimu'l-Məslul, s:518)
Bütün bu sözlərdən anlaşilmalıdır ki, bir insanın qəlbində təsdiqin olması onun mömin olması üçün kifayət deyildir. Elə məhz buna görə də biz İblisin kafir olduğunu söyləyirik, halbuki, heç bir əql sahibi və dindən bir miqdar anlayışı olan şəxs Allahı bütün ad və sifətləri ilə təsdiq edirdi. Lakin, o, etdiyi əməli ilə kafir oldu.
İlk dövr müsəlmanlar bu məsələlər barədə ixtilafa düşməmişdilər, onlar üçün bu aydın bir anlayış və itirilməz bir həqiqət idi. Sonradan gələnlər yunan fəlsəfəsinin ərəb dilinə tərcümə olunmasından sonra kəlam elminə daldılar və dini anlayışlarda şəri mənalar ilə lüğəvi mənaların arasını ayıra bilməyəcək dərəcədə tərəddüdə düşdülər və firqələrə ayrıldılar. Bu firqələrin çoxu iman və islam kimi kəlimələrin anlaşilmasında bir qrup yeni terminlər ortaya atdılar və sözlərin lüğəvi mənasına üstünlük verdilər. İmanı da sırf lüğəvi mənası üzərində qəbul etdilər və onlara görə iman təsdiq çərçəvəsinə düşdü. İbn Teymiyyə bu barədə deyir: "Sonrakılardan (mutəaxxirun) bir çoxu sələfin məzhəbini, Mürciə və Cəhmiyyənin fikirlərindən ayıra bilmirlər. Çünki bu fikirlər, sələfin və əhli-hədisin üstünlüyünü təqdir etdiyi halda, iman məsələsində əslində Cəhmiyyə və Mürciənin rəyini daşiyan kəslərdən bir çoxunun sözlərində bir-birinə qarışıb. Bu kəslər bu iki qismin rəylərini və yaxud bu cür rəylərlə sələfin rəylərini uzlaşdırdıqlarını zənn edirlər." (Məcmuul-Fətava, 7/364)
Yuxarıda da Əhli-Sünnətdən olan, lakin bir çox məsələdə əsari əqidəsini mənimsəyən alimlərin sözlərini misal gətirdik və onların iman məsələsində düşdükləri xətaları izah etdik və bu barədə İbn Teymiyyənin, İbnul-Qayyimin verdiyi gözəl cavabları nəql etdik. Bu barədə onların gətirdikləri Quran ayələri kifayətdir. Bu xətaya düşən alimlərdən biri də ispaniyalı alim İbn Həzm əl-Əndəlusidir. Eynilə İbn Həzm əməli imandan saysa da, əməli küfrün ziddi olan imanın tərkib hissəsi olaraq saymır, yəni əməlsiz insanı hələ də mömin olaraq qəbul edir, lakin imanının qeyri-kamil olduğunu və nöqsanlı olduğunu söyləyir. (bax: əl-Fəsl, 3/255, 3/271, əl-Muhəllə, 1/40, )
Məhz bu səbəblə digər böyük alim İbnul-Cəvzi əl-Hənbəli zahiriliyi (İbn Həzmin məzhəbini) mürciə məzhəbləri içində sayır. ("Təlbisu İblis", s: 27)
İlk dövr sələf alimlərindən olan Əbu Abdullah ibn Batta'nın dili ilə söyləsək imanın tərifini bu şəkildə verə bilərik: "Bilin ki, -Allah sizə rahmət etsin!- Allahu Təala qəlbə, Onu bilməyi (marifət) və Onu, rasullarını, kitablarını və Sünnətin gətirdiyi bütün şeyləri təsdiq etməyi fərz etdi. Lisana, bunları söyləməyi və sözlə iqrarı, bədənlərə və orqanlara isə, əmr etdiyi şeyləri etməyi və fərz qıldığı əməlləri etməyi fərz qıldı. Bunlardan heç biri digəri olmadan mötəbər sayılmaz və qul bunların hamısını bir araya gətirmədikcə iman etmiş sayılmaz." (əl-İbənə, 2/760-761)
İmam İbnul-Qayyim deyir: "Daha da əvvəl izah etdiyimiz kimi, iman sadəcə təsdiq deyildir. O itaət və boyun əyməyi tələb edən bir təsdiqdir." (əs-Salət, s: 25)
Şeyx Hafiz əl-Hakəmi isə eynilə İbnul-Qayyimin bu fikrini təsdiqləyir: "Burada Əhli-Sünnətdən imanın lüğətən təsdiq olduğunu söyləyənlər şübhəsiz zahirən və batinən itaət etməyi tələb edən boyun əymə mənasındakı təsdiqi qəsd ediblər, mücərrəd bir təsdiqi qəsd etməyiblər." (Məaricul-Qulub, s: 23)
Saduddin ət-Təftəzani belə deyir: "Təsdiqin həqiqəti, qəbul və boyun əymə olmadan xəbərin və ya xəbəri gətirənin doğruluğuna inanmanın qəlbdə olması deyildir. Bilavasitə o, təslimiyyət adını alacaq qədər boyun əymə və qəbuldur." (Şərhu Aqaidin-Nəsəfiyyə, s: 433) eynilə İmam Beycuri də buna bənzər sözləri "Tuhfətul-Murid Şərhu Cəvhəratit-Təvhid"adlı kitabında (s:43) qeyd edir.
İmam Beycuri və İmam Saduddin təsdiqə itaət və boyun əyməyi daxil etsələr də, bu söylənənlərin əksikliyi halında imanın yoxluğunu söyləməzlər. Lakin, doğru olan rəyə görə isə iman əməl tələb edir, heç bir əməli olmayan insanın imanı da yoxdur.İmanın həqiqəti mövzusunu yekunlaşdırmaq üçün sələfdən olan məçhur alimlərin sözləri ilə yetinmək istəyirik. Bu alimlər mürciənin sahib olduğu batil əqidəni pisləyərək Əhli-Sünnətin doğru rəyini təqdim ediblər. Sufyan ibn Uyeynə deyir:"Mürciələr fərzləri tərk etməyi günah adlandırır, günah işləmək ilə fərzləri tərk etmək bir deyildir. Çünki günahları halal görmədən, bilərək etmək sadəcə günahdır. Lakin fərzləri cahil olmadan, üzrsüz tərk etmək isə küfrdür. Buna da İblis ilə Adəmi, yəhudi alimlərini misal verə bilərik. Yəhudi alimləri rasullullahin peyğəmbərliyini dili ilə deyib, şəriətinə əməl etmədilər." (Abdullah ibn İmam Əhməd "əs-Sunnə" də (347) rəvayət edib. İbn Rəcəb əl-Hənbəli isə "Fəthul-Bari"də (1/25) bunu nəql etmişdir.)
Digər məshur alim İshaq ibn Rahaveyhi isə deyir:"Murciə öz sözlərində həddi aşaraq belə dedi: "Kim inkar etmədən (min ğayrı cuhud) fərz namazları, orucu, zəkatı, həcci və bütün fərzləri tərk edərsə, onu təkfir etmərik, onun işini Allaha buraxırıq və Allah özü hər şeyə qərar verir. Şək yoxdur ki, bunlar mürciədir." (İbn Rəcəb əl-Hənbəli nəql edib. Fəthul-Bari, 1/25)
İmam Əbu Bəkr əl-Əcurri isə deyir:"Əzalarla əməl etmək imanın qəlb və lisanla təsdiqinə işarədir. Kim təharət, namaz, zəkat, oruc, həcc, cihad və bunun bənzərləri kimi əməllərlə əməl etməzsə və özü üçün yalnız bilməsi ilə (təsdiq) razılaşirsa, əməlsiz sözlə bu insan mömin olmaz. Ona, bilməsi və dili ilə deməsi fayda verməz. Bunu bil ki, əməlləri etmək imanı təsdiq etdiyi kimi, əməlləri tərk etmək də imanı yalanlayır. Bu sonuncü və əvvəlki alimlərin məzhəbidir. Kim bundan başqa bir söz deyərsə, o, xəbis bir mürciədir. Ondan dinin üçün uzaq ola!" ("Əxlaq əl-Uləma", 28, "Kitəb əs-Şəriah" ,102-103, "Kitəb arbain əhadis", 40. Bu kitab "əs-Şariah" kitabı ilə birlikdə nəsr olunub)
axırıncı dəyişikliklər (12.11.09 20:55)




