Küfr, fısq və nifaqı anlamaq üçün imanın həqiqətini başa düşmək lazımdır. Çünki bunlar müxtəlif səbəblərlə imanı etibarsız edə bilərlər. Küfr və etiqadi nifaq imanın əslini yox edərlər, fisq və əməli nifaq isə vacib olan imanı aradan qaldırar.
Firqələrin ixtilaf etdikləri İman mövzuları bunlardır:
1. qəlb, dil və orqanların əməli ilə əlaqəsi nəzərindən imanın həqiqəti məsələsi
2. imanın müxtəlif şöbələrin bir araya gəlməsindən əmələ gəlməsi və ya tək bir vahid olması məsələsi və imanın ərkanı ilə şöbələri arasındakı fərq
3. İmanın artması və əksilməsi, iman əhlinin imanlarının fərqli dərəcələrdə olması, itaət ilə masiyətin və iman ilə nifaqın bir adamda eyni anda olması məsələləri
4.İmanın mərtəbələri və qismləri məsələsi: İmanın şöbələrdən ibarət olduğunu söyləyənlər onu bir əsl, bir tamamlayıcı vacib və bir də tamamlayıcı müstəhəb olmaqla üç qismə ayırırlar. İman tək bir vahiddir deyənlərə görə isə imanın qismləri yoxdur.
İman ləfzi mütləq mənada keçdikdə bununla qəsd dinin tamamıdır. İman Rasulullahın, səllallahu aleyhi va səlləm, bildirdiyi kimi bir çox şöbəni əhatə edir:
"İman yetmış, ya da altmış şöbədir. Bu şöbələrin ən fəzilətlisi "Lə iləhə illəllah" və ən bəsiti yoldan əziyyət verən şeyi götürməkdir. Həya isə imanın bir şöbəsidir." (Muslim)
Beləliklə iman istər haram, istərsə də məkruh olsun, nəhy olunmuş şeylərin tərkini əhatə dairəsinə aldığı kimi, fərz olsun, istərsə də nafilə olsun, qəlb, dil və digər əzalara lazım olan bütün itaətləri də əhatə edir.
İman üç mərtəbəyə ayrılır. bunlardan hər-bir mərtəbə bəzi şöbələri tərkibinə alır. Bununla bu üç mərtəbə imanın bütün şöbələrini özündə toplayır.
a) Birinci Mərtəbə
İmanın Əsli (Aslul-İman): Bu olmazsa iman da olmaz, məhz bunlarla küfrdən azad olub imana gəlirlər.
İmanın mütləq anlamı budur. Bu imanın sahibi Allah Təalanın "Ey iman edənlər" sözünün muxatabıdır (müraciət edilən şəxs).
İmanın bu mərtəbəsi bəzi şöbələri əhatə edir ki, bunlar tam olmadan iman da səhih olmaz. Bu şöbələr bunlardır.
Qəlbin məsuliyyət daşidıqları
Rasulullahın gətirdiklərini əsas cizgiləri ilə bilmək, bunları təsdiq etmək və boyun əymək. Məhəbbət, xaşyət (qorxu), rıza və Allah Təalaya təslimiyyət kimi bəzi qəlb əməlləri də imanın əslinə daxildir.
Dilin məsuliyyət daşidıqları
İki şəhadəti iqrar (dil ilə söyləmək).
Əzaların məsuliyyət daşidıqları
Namaz kimi tərk edənin kafir olduğu əməllər. Bəzi alimlərə görə dinin beş sütunundan (əl-məbani) geriyə qalanlar da bura daxildir. Küfrə səbəb olan şeylərin tərki də imanın əslinə daxildir. Çünki Allah Təala belə buyurur: " Hər kəs Tağutu inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən yapışmış olur." (Bəqərə, 256)
İstər fel olsun, istərsə də tərk olsun, imanın əsasına girən əməlləri təsbit etməyin qaydası budur: Tərk edənin təkfir olunduğu hər əməlin edilməsi imanın əslindəndir. (təsdiq, boyun əymə, dilin iqrarı və namaz). Eynilə edənin təkfir olunduğu hər əməlin tərki də imanın əslindəndir. (dini lağa qoymaq, Allahdan başqasına dua etmək kimi əməllərin tərki) Çünki imanın əslinin ziddi küfrdür.
Kim imanın əslini yerinə yetirərsə, ya həmən, ya da günahlarının cəzasını ödədikdən sonra mütləq cənnətə girər. Əgər, ikinci mərtəbədəki, "vacib olan iman"ı tam olaraq yerinə yetirərsə həmən cənnətə girər. Əgər vacib olan imanda qüsur edərsə və Allahda onun bu qüsurlarını bağışlayarsa yenə həmən cənnətə girər. Və Əgər Allah onun imanının vacib qismindəki qüsurlarını bağışlamazsa, günahları miqdarınca cəhənnəmdə qalar, sonra imanın əslinə sahib olduğu üçün cənnətə girmək üçün cəhənnəmdən çixar. Peyğəmbərin, səllallahu aleyhi va səlləm, sözü də buna işarə edir: "Bəzi qövmlərə etdikləri günahların cəzası olaraq atəşin alovları toxunar. Sonra Allah rahməti ilə onları cənnətə salar. Bu kimsələrə "cəhənnəmiyyun" deyərlər." (Buxari Ənəsdən rəvayət etmişdir, nö. 745)
Bunun kimilərin sonradan cənnətə girmələri küfrün ziddi olan imanın əslinə sahib olmaqları səbəbi ilədir. Rasulullah, səllallahu aleyhi va səlləm, buyurduğu kimi: "Allah qulları arasında hökm verməyi bitirdikdə və cəhənnəm əhlindən istədiyini rahməti ilə çixartmaq istədiyində mələklərə "Lə iləhə illəllah" deyərək şəhadət etmiş, Allaha heç bir şeyi şərik qoşmayanlardan rahmət etdiklərini cəhənnəmdən çixarmaqlarini əmr edər. Mələklər onları səcdə izlərindən tanıyarlar." (Buxarı Əbu Hureyradan rəvayət etmişdir, nö.7437)
Hədisdə imanın şöbələrindən olan ən əsas şeylər zikr olunmuşdur. Bunlar şəhadəti iqrar, namaz və küfrə səbəb olan əməllərin tərkidir.
Kim imanın əslini yerınə yetirərsə günahları olsa belə nəticə olaraq cənnətə girər. Rasulullah, səllallahu aleyhi va səlləm, bu haqqda buyurur: "Cəbrayıl mənə gəldi və belə dedi:"Ümmətindən kim mənə şirk qoşmadan ölərsə cənnətə girər." Əbu Zərr bu zaman soruşdu:"Zina etsə, oğurluq etsə də?" "Bəli" dedi."Zina etsə də, oğurluq etsə də." (Buxari, 6444)
Kim də imanın əslini yerinə yetirməzsə yaxud onu pozarsa, o cəhənnəm əhlindən olan kafirdir, ordan bir daha çixmaz. Allah Təala buyurur: "Əgər yer üzündə olanların hamısı, üstəlik bir o qədər kafirlərin əlində olsaydı və onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, yenə də onlardan qəbul olunmazdı. Onları şiddətli bir əzab gözləyir! Onlar atəşdən çixmaq istədilər, lakin heç cür oradan çıxa bilməzlər. Onlar əbədi əzaba düçar olanlardır! (Maidə, 36-37)
b) İkinci mərtəbə
Vacib olan iman (əl-İmənul-vacib)
Əsli imanı yerinə yetirdikdən sonra, vacibləri yerinə yetirmək və haramları tərk etmək vacib imanı təskil edir. İstər fel, istərsə tərk olsun hansı əməlin vacib olan imana daxil olduğunu müəyyən etməyin qaydası budur: Tərk edildiyi halda əzabla hədələnmiş, lakin tərk edənin təkfir (kafir sayma) edilmədiyi bütün əməllərin yerinə yetirilməsi vacib imandandır (sidq, etibarlılıq, ata-anaya yaxşilıq, vacib olan cihad). Edildiyi halda əzabla hədələnmiş, lakin edənin təkfir edilmədiyi əməlin tərki də vacib olan imandandır (zina, faiz, oğurluq, içki içmək, qeybət, yalan, nəmmamlıq).
Vacib olan imanda insanlar iki dərəcədirlər:
Birinci dərəcə: İmanın əslini yerınə yetirdikdən sonra vacibi tərk etmək, ya da haram etməklə xəsarətdə olanlar. Bunlar böyük günah sahibləri, saleh əməl ilə pis əməlləri qarışdıranlardırlar, tövhid əhli olub asi olanlar, və ya dindən çixmayan fasiqlərdirlər (əl-fasiq'ul-milli). Bu "Onlardan kimisi özünə zülm edər" (əl-Fatir, 32) ayəsinin təfsirində qeyd edilən bir rəyə görə bu ayədə bildirilən dərəcədir.
Halı belə olan şəxs əgər tövbə etmədən ölərsə əzabla təhdidin müxatabıdır. O kəsin halı Allahın diləməsinə bağlıdır. Əgər Allah diləyərsə onu bağışlayar və heç əzab etmədən cənnətə salar. Əgər diləyərsə günahları miqdarında ona əzab verər, sonra onu cəhənnəmdən çixardar və imanın əslini yerinə yetirməsi səbəbi ilə cənnətə salar. Bunun Allahın diləməsinə bağlı olduğunu göstərən ayə isə budur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar" (ən-Nisa, 48)
Bu barədə Rasulullah, səllallahu aleyhi va səlləm, belə buyurmuşdur: "Allaha heç bir şeyi şirk qoşmayacağınıza, oğurluq etməyəcəyinizə, uşaqlarınızı öldürməyəcəyinizə, iftira atmayacağınıza, mərufda üsyan etməyəcəyinizə dair mənə beyət edin. Kim bu beyətinə sadiq qalarsa, onun əcri Allaha aiddir. Və kim bunlardan birisini edərsə və dünyada ikən cəzalandırılarsa, bu onun üçün kəffarət olar. Kim də bunlardan birini edər və Allah da onun bu günahını örtərsə onun halı Allaha qalmışdır, dilərsə bağışlayar, dilərsə cəzalandırar." (Muttafiqun aleyh)
Hədisdə "bu dünyada cəzalandırıldığı halda" şərti mürtədlərə aid deyildir. Əgər kimsə riddət səbəbi ilə millətdən ayrı düşərsə və buna görə öldürülərsə, bu onun üçün kəffarə olmaz. Dünyada ikən cəzalandırılsa da, cəzalandırılmasa da hökmü eynidir. (Bax: Fəth'ul-Bari: 1/64-68 və 12/112)
İkinci dərəcə: İmanın əslini yerinə yetirdikdən sonra, nə əksik, nə də artıq bir şey etmədən, vacib imanı tam anlamı ilə yerinə yetirənlər. Bu kimsələr təhdiddən qurtulub müjdələnməyi qazananlardır. Bu kəslər əzab görmədən Allahın fəzli və sadiq vədi gərəyincə cənnətə girməyə layiq olacaqlar. Bu da orta yolu tutanların dərəcələridir. "Onlardan orta yolu tutanlar var." (əl-Fatir, 32) Bu kəslər haqqında Rasulullahın, səllallahu aleyhi va səlləm, bu hədisi varid olmuşdur: Biri gələrək peyğəmbərə İslamın əmrlərinin nələr olduğunu soruşar. O da bunları o kəsə bildirdikdə, həmin adam belə deyir: "Səni haqq olaraq göndərənə and olsun ki, Allahın mənə fərz etdiyindən nə daha artığını edəcəyəm, nə də əksiyini." Bu sözündən sonra peyğəmbər belə cavab verdi: "Əgər doğru söyləyirsə xilas oldu" və yaxud "Əgər doğru söyləyirsə cənnətə girdi." (Muttafiqun aleyh, Buxarinin ləfzi, hd. nö: 1891)
İmanın əslinə və vacib olan imana aid olan əmr və nəhyləri bilmək hər müsəlman üçün farz-ı ayndır (hər bir fərdə vacibdir). Bunları bilmək vacibdir, çünki bunlarla əməl etmək vacibdir. Bunlarda qüsur etmək səbəbi ilə küfr və ya fisqdən ötrü təhdid vardır. Bir əməli etmək üçün ilk əvvəl ona aid elmə sahib olmaq lazımdırsa, lazım olan bu elm də vacibdir. Çünki məqsədlər üçün etibarlı olan hökm, vəsilələri üçün də etibarlıdır.
c) Üçüncü mərtəbə
Müstəhəb olan iman
Bu vacib olan imanı yerinə yetirdikdən sonra məndub və müstəhəblərə əməl etmək və məkruh və şübhələri tərk etməkdir. İmanın əsli və vacib olan iman ilə bərabər kim bunları da edərsə o, orta yolu tutanlardan daha üstün dərəcə qazanaraq bir-başa cənnətə girən, önə keçənlər (sabiqun) və Allaha yaxın dərəcədə olanlardan (muhsinun) olarlar. Bu "Onlardan, Allahın izni ilə, xeyirlərlə önə keçənlər vardır" ayəsində bildirilən dərəcədir. Bu ayədə belə buyurulur: "Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik. Onlardan kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allahın izni ilə yaxşi işlərdə irəli keçər. Bu böyük lütfdür!" (əl-Fatir, 32)
İmanın üç mərtəbəsi bunlardır. İbn Teymiyyə iman haqqında belə deyir: "İman, olmadığı təqdirdə imanın tamam olmadığı bir əsldən, əməl edilmədiyi təqdirdə imanın əksiləcəyi və sahibinin cəzaya layiq olacağı bir vacib qismdən və bir də əməl edilmədiyində insanın dərəcəsinin azaldığı müstəhəb qismdən ibarətdir." (Məcmu'əl-Fətava:7/637) İbn Teymiyyə "imanın tamam olmadığı bir əsl" demişdir, lakin bunun yerinə "onsuz imanın var olmayacağı bir əsl" desəydi daha gözəl olardı. Çünki, iman sadəcə əslinin olması ilə tamam olmaz. Beləki, tamamına birdən "Kamil iman" deyilən üç mərtəbənin bir arada olması ilə tamam olur. İbn Teymiyyə özü bu barədə söyləyir: "İman Allahın əmr etdiklərinin hamısıdır. Bax, kamil və tam iman budur." (Məcmu'əl-Fətava: 19/293)
Hər üç mərtəbəsini də zikr etdiyimiz iman istər cəza, istərsə də mükafatda Axirətdə nəzərə alınaraq hökm veriləcək "həqiqi iman"dır.
Dünyada isə müsəlman ilə kafirin arasını ayıran "hökmi iman"a gəldikdə isə (bu hökmi islamla eyni mənadadır), iki şəhadəti iqrar və yaxud bunun yerinə keçəcək hər hansı islam əlaməti ilə sabit olur. İbn Hacər imanı izah edərkən belə deyir: "Sələf (sələf: ilk üç əsrdə yaşayanlar və yaxud, insanın özündən əvvəlki nəsillər) demişdir ki, iman qəlb ilə etiqad, dil ilə söyləmək və imanın ərkanı ilə əməldir. Bunlar Allah qatında etibarlı olan imana görədir. Bizə görə isə, iman sadəcə iqrardır.Kim imanı iqrar edərsə, dünyadakı hökmlər onun haqqında etibarlı olur."Fəth'ul-Bari: 1/46) (
İbn Teymiyyə isə deyir: "Dünya hökmlərinin ona baxılaraq icra olunduğu "Zahiri iman", axirətdə sahibi səadət əhlindən olan "Batini iman"ın varlığını tələb etməz." (Məcmu'əl-Fətava: 7/210)
Allah Təala imanın bu iki növünü ayırmışdır: "Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın." (Mümtəhinə, 10)
"Allah onların imanını çox gözəl bilir." yəni onların imanlarının həqiqətini daha yaxşi bilir.
"Əgər bunların mömin olduqlarını bilsəniz" yəni, görsəndiyi qədəri ilə bunu anlasanız deməkdir. Bax, bu hökmi imandır. Bir başqa ayədə: "İçinizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar əllərinizin altında olan mömin cariyələrdən alsınlar. Allah sizin imanınızı daha yaxşi bilir." (ən-Nisə, 25)
İmanın mərtəbələri haqqında İbn Teymiyyə Məcmu'da geniş yazmışdır. Bu barədə geniş oxumaq üçün baxın: 7/358, 525, 529, 637, 10/6, 12/474, 19/290-294.
İbnu'l-Qayyim bu üç mərtəbədəkilərin hallarını belə bildirmişdir: "Nəfsinə zülm edən, orta yolu tutan və xeyirlərlə önə keçən." (Tariqu'l-Hicrəteyn: s.185, 216. Daru'l-Kutubi'l-Ilmiyyə)